Azərbaycan şəhərləri (Hazır İNŞA)
Azərbaycan zəngin və qədim şəhərsalma mədəniyyətinə malik olan bir ölkədir. Əlverişli coğrafi şərait, ticarət yollarının kəsişməsi burada şəhərsalmanın inkişafına güclü təkan vermiş, ayrı-ayn yaşayış məntəqələri sürətlə böyüyərək şəhərlərə çevrilmişdir. Tarixilik baxımından respublikamızın ərazisindəki şəhərləri iki qismə ayırmaq mümkündür: qədim və müasir şəhərlər. Bakı, Gəncə, Şəki, Naxçıvan, Bərdə, Şamaxı kimi şəhərlərimizin yaşı tarixin dərinliklərinə gedib çıxır. Sumqayıt, Mingəçevir, Daşkəsən kimi şəhərlərin isə təməli cəmi bir neçə on il bundan əw əl qoyulmuşdur.
Azərbaycanın paytaxtı Bakı ölkənin ən iri şəhəridir. Burada çoxlu sayda iri sənaye müəssisələri, təhsil ocaqları, teatrlar, muzeylər cəmləşmişdir.
Paytaxtımızın beşiyi İçərişəhər sayılır. Bakının ərazisi bir neçə yüzillik ərzində içərişəhərlə məhdudlaşmışdır. Onu bayır şəhərdən X-XII əsrlərin yadigarı olan qala divarları ayırır. İçərişəhərin adı YUNESKO-nun mədəni irs siyahısına salınmışdır və qoruq şəhər elan olunmuşdur. Qoruğun ərazisindəki möhtəşəm Qız qalası, Şirvanşahlar sarayı, karvansara, hamam, digərtikililər gözəl memarlıq nümunələridir.
Sonrakı dövrlərdə qala divarlarından kənarda bayır şəhər formalaşmışdır. XIX əsrin sonu, XX əsrin əvvəllərində Abşeronda neft sənayesinin canlanması şəhərin inkişafına da güclü təkan vermişdir. Ümumiyyətlə, Bakının inkişafında və şöhrətlənməsində neftin mühüm rolu olmuşdur. Heç təsadüfi deyildir ki, Bakı dünyada «Neft Akademiyası» kimi tanınır.
Bakının coğrafi quruluşu çox maraqlıdır. Şəhər mərkəzdən kənarlara doğru terras şəklində yuxarı qalxır və bu ona amfıteatr forması verir. Beləliklə, dağüstü hissədən baxanda göz önündə cazibədar mənzərə açılır və bütün şəhər əl içi kimi görünür.
Azərbaycanın ikinci böyük şəhəri - Gəncədir. Şəhər Gəncəçayın yaşıl sahillərində qərar tutur. Onun təməli V-VI əsrlərdə qoyulmuşdur. Azərbaycan memarlığının özünəməxsus ənənələrini Gəncənin timsalında aydın görmək mümkündür. Şəhərin tarixi - memarlıq abidələrinin siyahısında İmamzadə kompleksini, Şah Abbas məscidini (Cümə məscidi), karvansaranı, «Çiçək hamamı»nı, qala divarlarının qalıqlarını nümunə göstərə bilərik. Gəncə dahi Nizaminin Vətənidir. Şair doğma şəhərinin adını özünə təxəllüs seçmişdir. Onun qəbri üzərində bu gün Gəncənin gözəllik rəmzlərinin sırasında layiqli yer tutan əzəmətli məqbərə ucalır.
Ölkəmizin tarixi şəhərləri sırasında Böyük Qafqaz sıra dağlarının qoynunda qərar tutan Şəkinin öz yeri var. Ehtimallara görə, bu şəhərin əsası 2500-2600 il bundan əvvəl qoyulub. Azərbaycanda ipəkçilik sənayesinin inkişafı bu şəhərlə bağlıdır. Şəkidə tarixən xırda sənətkarlıq və şirniyyat istehsalı da geniş yayılmışdır. Təsadüfi deyildir ki, bu gün də şəhərin ayrı-ayrı küçələri dulusçular, zərgərlər, halvaçılar və s. adlarla adlanır.
Şəki xanlarının yay iqamətgahı olan saray gözəl memarlıq nümunəsidir. Bu abidə XVIII əsrin memarlıq incilərinə aiddir. Şəbəkə, ağac üzərində bədii oymalar, ov və döyüş səhnələrini əks etdirən divar rəsmləri Şəki Xan sarayının əsas memarlıq elementləridir. Onu yaradan usta mıxdan, yapışqandan istifadə etməmişdir.
Şəki, həmçinin «Gələrsən-görərsən» qalası, Cümə məscidi, «Küləkli minarə», Qızlar qalası, karvansaralar və başqa abidələrlə də məşhurdur.
Azərbaycanın qədim şəhərlərindən biri də Naxçıvandır. Alimlərin ehtimallarına görə, şəhərin yaşı 3500 ildən çoxdur. Arxeoloji qazıntılar hələ Daş dövründə Naxçıvanın yaşayış məskəni olduğunu təsdiqləyir. Naxçıvan təbii sərvətləri, o cümlədən daş düzü, mərməri ilə məşhurdur. Bu qədim şəhər həm də abidələr məskənidir. XII əsrdə yaşamış məşhur memar Əcəmi Əbubəkr burada indi də insanları valeh edən «Yusif ibn Küseyir türbəsi»ni və «Mömünə Xatun türbəsi»ni ucaltmışdır.
Bakının 40 kilometrliyində salınan Sumqayıt müasir şəhərlərimizin sırasında ən irisidir. Gənclər şəhəri adlandırdıqları Sumqayıtda çoxlu sənaye müəssisəsi fəaliyyət göstərir. Müasir şəhərlərimizdən olan Mingəçevir «işıq şəhəri» kimi tanınır. Daşkəsən isə öz dəmir filizi ilə məşhurdur. Müasir şəhərlərimizin yaranması respublikamızın iqtisadi inkişafı ilə bağlı olmuşdur.
Hiç yorum yok:
Yorum Gönder