"Bilsin ana torpaq, eşitsin vətən! Müsəlləh əsgərəm mən də bu gündən" (Səməd Vurğun) - (Hazır İNŞA)
Bu mövzuda inşa yazmalıyam. Ilk növbədə fikirləşirəm ki, Səməd Vurğundan götürülmüş bu misraların inşa mövzusu kimi verilməsi nə üçündür? Ani olaraq bu sualın cavabı elə sual şəklində də beynimizdə dolaşır: «Doğma diyarımızın beşdən bir hissəsi düşmən tapdağı altında olduğu bir vaxtda, bundan da aktual mövzu ola bilərmi?»
Böyük şairimizin «Vətən keşiyində» adlı şeirindən götürülmüş bu misralar xalq şairinin Vətən, xalq qarşısında əsgəri andı idi. Bu gün isə bu, bütün Azərbaycan xalqının, qeyrətli oğul və qızlarımızın Vətən qarşısındakı andıdır, niskilli Qarabağımızın qarşısındakı əhdi, ilqarıdır. Vətəni müdafiə ideyası bizim hər birimizin mübarizə və qələbə devizidir, həyat bayrağımızdır.
Vətən məhəbbəti, vətənpərvərlik haqqında danışarkən S.Vurğunun bu sözləri yada düşür: «Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan öz vətəndaşlıq hissini dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar.»
Vətən müqəddəsdir, Vətən pakdır. Vətən ülvidir. Vətən sevənlərin gözü bulaq suyu tək safdır, aydan arı, sudan durudur. Vətən ana südü qədər şirin, ana qucağı tək isti, ana nəfəsi kimi doğmadır, əzizdir.
Bir filmdə eşitdiyim söz heç yadımdan çıxmır: «Demə ki, Vətən mənim üçün nə edib, de ki, mən vətən üçün nə etmişəm.» Doğrudan da, çox gözəl sözlərdir. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də bizik, Vətən övladlarıyıq. Vətənimiz Azərbaycan özünün mürəkkəb və çətin dövrünü yaşayır. Ulu torpaqlarımızın beşdə bir hissəsi yağı əlindədir. Bir milyon yurddaşımız miskin qaçqın həyatı keçirir. Lakin Azərbaycan xalqı heç vaxt ruhdan düşməmişdir və biz ürəkdən inanırıq ki, çox tez bir zamanda torpaqlarımız azad ediləcək, mənfur düşmən üzərində qələbə qazanacaqdır. Bu qələbədə isə biz də iştirak edəcəyik. Biz Vətənə borcumuzu bu gün oxumaqla, sabah isə müstəqil Azərbaycan ordusunda vuruşmaqla, iqtisadiyyatın və ictimai-mədəni həyatın müxtəlif sahələrində çalışmaqla verəcəyik. Bu, bizim şərəfli işimiz, vətəndaşlıq borcumuzdur. Vətən bizdən hünərlər gözləyir.
Sahibsiz olan bir Vətənin
batması haqdır,
Yolunda can qoysaq, bu Vətən
batmayacaqdır.
Qəlbimizin nuru, ziyası,
gözüdür Vətən,
Bu Vətən qələbə müjdəsi
gözləyir bizdən.
batması haqdır,
Yolunda can qoysaq, bu Vətən
batmayacaqdır.
Qəlbimizin nuru, ziyası,
gözüdür Vətən,
Bu Vətən qələbə müjdəsi
gözləyir bizdən.
Hiç yorum yok:
Yorum Gönder