Cabir Novruzun «Sağlığında qiymət verin insanlara» şeirinin təhlili - hazır inşa
Ədəbiyyatımızda ötən əsrin məşhur «altmışıncı illər nəsli»nə mənsub olan Cabir Novruz müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. Şairin yaradıcılığı ilk növbədə mövzu rəngarəngliyi, həyatiliyi və səmimiliyi ilə fərqlənir. C.Novruz şeirlərində fəlsəfi dərinliklə dil sadəliyini birləşdirməyə nail olmuş və müxtəlif zövqlü oxucuların marağını təmin edən, bir növ hamıya yaxın olan poeziya nümunələri yaratmışdır. Onun yaradıcılığında insan amili mühüm yer tutur. Şair ayrı-ayrı şeirlərində insanın mahiyyəti, taleyi, daxili aləmi, duyğuları ilə bağlı fəlsəfi baxışlarını özünəməxsus səlis və şirin dillə ifadə etmişdir.
Bu baxımdan şairə böyük şöhrət gətirən və dillər əzbərinə çevrilən əsərlərindən biri də «Sağlığında qiymət verin insanlara» şeiridir. Əsər yer üzünün əşrəfi sayılan insana böyük məhəbbətlə qələmə alınmışdır. Şair əsərdə çox mühüm məna daşıyan və bütün zamanlarda aktual olan bir məsələni gündəmə gətirmişdir. Hər kəsin əməyi sağlığında dəyərləndirilməli, hər kəs sağlığında ikən layiq olduğu qiyməti almalıdır. Şeiri bütövlükdə vətəndaş şairin cəmiyyəti eybəcərliklərdən, naqis cəhətlərdən, mənəvi aşınmalardan təmizləmək və onu saflaşdırmaq istəyinin ifadəsi kimi qəbul etmək mümkündür.
C.Novruzun belə bir mövzuya müraciət etməsi təsadüfi deyildir. Bir çox hallarda cəmiyyətdə ədalətsizlik baş verir, yüksək mənəviyyata malik insanlar məhz daxili təmizliyinə, haqq-ədalətə tapınmalarına görə məhrumiyyətlərlə üzləşirlər. Nə qədər istedadlı alimin, mühəndisin, başqa peşə, sənət sahiblərinin qarşısına möhkəm sədlər çəkilmiş və onlar həyatda öz yerlərini tuta bilməmişlər. Əksinə çox olub ki, qabiliyyətsizlər, nadanlar, kəmfürsətlər yaltaqların və məddahların canfəşanlığı sayəsində layiq olmadıqları zirvəyə yüksəlmişlər. Bunun ziyanını isə son nəticədə insanların özləri çəkirlər, zərbə hamıya, cəmiyyətə dəyir. Buna görə də cəmiyyətin bütün üzvləri şeirdən hasil olan məntiqi nəticə barədə düşünməlidirlər.
Şair şeirdə ifadə olunan ideyanı daha təsirli çatdırmaq üçün xitab formasını seçmişdir. Müəllif şeirin ilk misralarındaca insanlara üz tutaraq ürəyinin arzusunu dilə gətirir:
Ay adamlar, bir arzum var, qoyun deyim,
Sağlığında qiymət verin insanlara...
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...
Sağlığında qiymət verin insanlara...
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...
Şair bu misraları onu əhatə edən insanlara, bütün cəmiyyətə gəlişi gözəl sözlər kimi ünvanlanır. Şeiri oxuduqda hiss edirsən ki, cəmiyyətin mənəvi aşınmasına şair daxilən dözmür, bütün varlığını silkələyən harayı ifadə edir. Sətirlər arasından sanki şairin nəcib obrazı boylanır. Bu nəcib insan oxucuya müraciətini öz həqiqətini dərin inamla və qətiyyətlə söyləyir. Hətta, sözlərinin düz olmayacağı təqdirdə töhmət almağa da hazırdır.
Cəmiyyətdə müxtəlif xarakterli insanlara rast gəlinir. Bütövlükdə isə onları «yaxşılara» və «yamanlara» deyə iki qismə bölmək mümkündür. Şairin nəzərində hər qisim insanın müvafiq qiyməti var. Şairlərə sağlığında hörmət göstərilməli, ölməzlərə heykəl qoyulmalı, təmizlər sevindirilməlidirlər. Əksinə naqis insanlar vaxtında ifşa olunmalı, onlar öz adları ilə çağırılmalıdırlar.
Müəllif insanlara üz tutaraq Ulu Yaradan tərəfindən onlara bəxş olunan ömrü qiymətləndirməyə çağırır. Şair «bir an ömrü - milyon qızıl ölümdən» üstün tutduğunu, «diri üçün iynə boyda hörməti, ölü üçün min heykələ» dəyişmədiyini bildirir. Ümumiyyətlə, şeirdə şairin öz mövqeyini, «yaxşı» və «yaman» insanlara münasibətini açıq şəkildə bildirməsi müəllifin səmimiliyinə inamı artırır və əsəri daha təsirli edir.
«Sağlığında qiymət verin insanlara» şeiri bədii ifadə vasitələri ilə zəngindir. Müəllif öz niyyətini oxucuya daha dolğun aşılamaq üçün təzadlardan, bədii suallardan istifadə etmişdir.
Hiç yorum yok:
Yorum Gönder