İnşa kitabı : Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsində Novruzəli surəti - hazır inşa

Diqqət!

Saytdan daha rahat istifadə etmək üçün kompyuterlə daxil olmağınız tövsiyə olunur: insakitabi.blogspot.com

Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsində Novruzəli surəti - hazır inşa

Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsində Novruzəli surəti - hazır inşa


        Azərbaycan ədəbiyyatının ən zəkalı, ən qüdrətli qələm sahiblərindən biri Cəlil Məmmədquluzadədir. Ədəbiyyatımızı müasirlik, xəlqilik, demokratizm ideyaları ilə ruhlandıraraq yeni bir yola istiqamətləndirən bu görkəmli sənətkar xüsusən, nəsr sahəsində böyük şöhrət qazanmış, onu yüksək inkişaf zirvəsinə qaldırmışdır.
        C.Məmmədquluzadə «Danabaş kəndinin əhvalatları» kimi mükəmməl bir povestin müəllifi olsa da, ədəbiyyatımızda daha çox kiçik hekayələr ustası kimi məşhurdur. Onun «Kişmiş oyunu». «Saqqallı uşaq», «Qurbanəli bəy». «Usta Zeynal» və s. kimi əsərləri hekayə janrının zirvəsi hesab oluna biləcək sənət nümunələridir. Böyük yazıçının nəsr əsərləri içərisində xüsusi mövqeyə malik ədəbi nümunələrdən biri «Poçt qutusu» hekayəsidir.
        «Poçt qutusu» C.Məmmədquluzadənin ilk mətbu əsəri və «Şərqi-rus» qəzetində dərc edilən ilk hekayəsidir. Bu hekayə ilk mətbu əsəri olmaqla yanaşı, həm də dərin mənalı, kamil formalı, yüksək sənətkarlıq məharəti ilə qələmə alınmış bir əsər kimi diqqəti cəlb edir. Əsərin ən yüksək məziyyəti onun bədii təsir qüdrətində yığcamlığında, məna dərinliyində, sadəliyində və realizmindədir.
        «Poçt qutusu» hekayəsi çox sadə, lakin XIX əsr Azərbaycan kəndi üçün olduqca xarakterik bir hadisə üzərində qurulmuşdur. Təsvir edilən əhvalat zahirən müsbət xarakterli görünsə də, əslində zülmkar və istismarçı bir adam olan Vəli xanla öz əlinin zəhməti ilə yaşayan yoxsul, hüquqsuz, avam kəndli Novruzəli arasında cərəyan edir. Əhvalat çox sadə və zahirən gülməlidir. Avam bir kəndlinin poçt qutusuna kağız salması onun keşiyini çəkməsi və onun ucbatından divanxanaya düşməsi bir qədər gülüş doğurur. Lakin C.Məmmədquluzadənin məharəti ondadır ki, bu kiçik gülüş içərisində o, böyük bir həyat həqiqətini açıb göstərmiş, XIX əsr Azərbaycan kəndinin, kənddə hökm sürən ictimai ədalətsizliyin, avamlıq və nadanlıq mühitinin həqiqi və real mənzərəsini yaratmışdır.
        Əsərin əsas qəhrəmanı Novruzəlidir. Novruzəli təmizürəkli, zəhmətkeş, sadə və mehriban bir kəndlidir. O, imkansız, yoxsul bir adamdır, yumşaq xasiyyəti, xoş rəftarı, səmimiyyət və sədaqəti ilə fərqlənir. Novruzəlı heç kəsə pislik edən adam deyib, heç kəsin fəlakətinə səbəb olmamış, pis gününə sevinməmiş paxıllığını çəkməmişdir. Lakin onun ən böyük eyibi avamlığında, nadanlığında, mütiliyindədir. Novruzəliyə görə, dünyada ancaq iki qadir qüvvə var: göydə Allah, yerdə isə xan, bəy, mülkədar. Ona elə gəlir ki, bütün ömrünü Vəli xana borcludur, xan ona öl desə ölməli, qal desə qalmalıdır. Tez-tez xana dediyi «başına dolanım, xan», «ayaqlarının altında ölüm, xan», «sənə qurban olurm kimi ifadələr də bunu aydın sübut edir.
        Novruzəli hər işdə özünü günahkar bilir. Heç bir təqsiri olmadığı halda, ona elə gəlir ki, ağasının məktubu oğurlanmışdır və özünü xanın qarşısında müqəssir bilir, öz-özünü danlayır, lənətləyir.
        C.Məmmədquluzadə Novruzəlini nəcib insani hisslərə, saf qəlbə, təmiz əxlaqa malik bir insan kimi göstərir, lakin onun avamlığına, nadanlığına, mütiliyinə və acizliyinə gülməklə bu zəhmətkeş insanı oyatmaq istəyir, onu öz haqqı və hüquqları uğrunda mübarizəyə çağırır.
        «Poçt qutusu» hekayəsi həm məna dərinliyinə, həm üslub gözəlliyinə, həm də dilinin sadəliyinə və şirinliyinə görə kamil bir sənət nümunəsidir. Əsər bu gün də şirin bir hekayət kimi dillərdən düşmür və oxucular tərəfindən sevilə-sevilə oxunur.

Hiç yorum yok:

Yorum Gönder